SİYASƏT
ABŞ Azərbaycanlıları Şəbəkəsinin nümayəndə heyəti ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə görüşmüşdür
Vaşinqton, 24 sentyabr (AZƏRTAC). ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçilərdən, direktorlar şurasının üzvlərindən və qurumun fəallarından ibarət nümayəndə heyəti sentyabrın 23-də ABŞ Dövlət Departamentində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə görüşmüşdür.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edən ABŞ-ın Azərbaycan icmasının üzvləri ümidvar olduqlarını bildirmişlər ki, bu münaqişə tezliklə həll ediləcəkdir. Ceyms Uorlik bir qismi Azərbaycanın Dağlıq Qarabağ regionundan olan və 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin apardıqları etnik təmizləmədən zərər çəkmiş Azərbaycan icmasının üzvlərinin fikirlərini səmimi qəbul etmişdir.
Görüşdə etimadın möhkəmləndirilməsinə, vətəndaşların və QHT-lərin bu işə cəlb edilməsinə dair tədbirlər də müzakirə olunmuşdur. C.Uorlik münaqişənin həlli prosesində ABŞ-ın daha fəal iştirakını vəd etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton