SİYASƏT
ABŞ-da çıxan “The Herald” qəzetində Sərsəng su anbarında qəza təhlükəsi barədə məqalə dərc olunmuşdur
Vaşinqton, 22 iyun (AZƏRTAC). ABŞ-da çıxan “The Herald” qəzetində “Azərbaycan Avropa Parlamentini Dağlıq Qarabağdakı su anbarında qəza təhlükəsini aradan qaldırmağa çağırır” sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində yerləşən, onilliklər boyu təmir işlərinin aparılmadığı Sərsəng su anbarında qəza təhlükəsini təsdiq edən faktlar gətirilir. Tərtər çayının suyu ilə dolan, bəndin hündürlüyü 125 metr olan su anbarında qəza baş versə, 45 kilometr radiusda yerləşən təxminən 30 kənd daşqından ciddi ziyan çəkə bilər. Azərbaycan bu ilin mayında Tərtər çayı yaxınlığında su anbarında potensial qəza ilə bağlı etiraz edən 11 nəfərin Ermənistan tərəfindən həbsə alınmasının pislənməsini Avropa Parlamentindən tələb etmişdir.
Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin Su Ehtiyatları Departamentinin və Türkiyənin “Suyapı” şirkətinin bu ilin yazında apardıqları tədqiqatlara görə, su anbarında ciddi qəza riski vardır. Ermənistanın hakimiyyət orqanları Azərbaycanın tələblərinə hələlik cavab verməmişlər.
Yusif Babanlı
Vaşinqton