DÜNYA
ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys ləğv olunub
![ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys ləğv olunub](/files/2022/1/1200x630/1643476549217257805_1200x630.png)
Bakı, 29 yanvar, AZƏRTAC
Şənbə günü ABŞ-ın şərq sahillərində tüğyan edən növbəti qar fırtınası səbəbindən 3500-dən çox aviareys ləğv olunub və 80 mindən çox insan işıqsız qalıb.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Cənubi və Şimali Karolina ştatlarında meydana gələn təbiət kataklizmi təqribən 50 milyon amerikalıya təsir göstərib və Atlantik okeanı sahilləri boyunca şimala doğru - Delaver, Nyu-Cersi və Nyu-York istiqamətində hərəkət edir. Massaçusets ştatında 79 min, Delaverdə 4 minə yaxın istehlakçı elektriksiz qalıb.
“FlightAware” portalının məlumatına görə, şənbə günü ABŞ-a gələn, ölkədən uçan və yaxud ölkə daxilində 3520 reys ləğv olunub. Bazar gününə nəzərdə tutulan 800 reysin də artıq ləğv olunduğu bildirilir.
Qar fırtınasının bazar gününədək davam edəcəyi gözlənilir.