SİYASƏT
ABŞ DİPLOMATI GƏNCƏDƏ OLMUŞDUR
Gəncə, 6 noyabr (AZƏRTAC). Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Terri Devidson noyabrın 5-də Gəncədə olmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən rəsmi görüşdən sonra diplomat mərkəzi kitabxanada yaradılmış “Amerika güşəsi”nə baxmış, kitabxanaya kompyuter və texniki avadanlıq hədiyyə etmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən görüşdən sonra Terri Devidson icma məlumat mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
Gəncəyə gəlişinin məqsədini açıqlayan diplomat səfərindən razı qaldığını bildirmiş və məlumat vermişdir ki, şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşündə bir sıra vacib məsələlərə diqqət yetirilmişdir. ABŞ və Azərbaycan arasında təhsil sahəsində qarşılıqlı münasibətlər, iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində həlli vacib məsələlər müzakirə olunmuşdur.
Sonra qonaq jurnalistlərin suallarına cavab vermişdir. Dağlıq Qarabağ problemi ilə bağlı sualın cavabında demişdir ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşır, Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasında maraqlıdır. Ümumiyyətlə, ABŞ problemin sülh yolu ilə həllinə dəstək verir. Elə Türkiyə-Ermənistan arasındakı yaxınlaşmada da biz Dağlıq Qarabağ probleminin həllində müsbət dinamika görürük.
Terri Devidson həmin gün Bakıya qayıtmışdır.