ABŞ ERMƏNİSTANLA AZƏRBAYCANI RAZILIĞA GƏLMƏYƏ TƏLƏSDİRİR
Vaşinqtonda Amerika Türk Şurasının konfransında çıxış edən ABŞ-ın dövlət katibi Kondoliza Rays demişdir: “Hesab edirəm ki, bir azca iradə nümayiş etdirməklə, Dağlıq Qarabağ məsələsini nisbətən tez həll etmək olardı.” O, Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı vəziyyəti şərh edərkən ABŞ hökumətinin danışıqlar prosesinin sürətlənməsini istədiyini də gizlətməmişdir: “Minsk qrupu çərçivəsində bir neçə dəfə münaqişənin həllinə yaxınlaşmışıq. Dağlıq Qarabağ üzrə Azərbaycanla Ermənistan arasında razılıq əldə etmək üçün yalnız bir neçə çətin qərar qəbul etmək lazımdır. Bu, edilməlidir. Mən həm Ermənistan, həm də Azərbaycan hökumətlərinə çatdırmışam ki, aralarındakı münaqişəni həll etmədiklərinə görə, inkişafda bölgənin digər hissəsindən geri qalırlar. Doğrusu, günah hər iki tərəfin üzərindədir. Siyasi iradə olsa, bunu həll etmək olardı.” İqtisadi artım göstəricisi üzrə dünyada birinci yer tutan dövlətin bölgədən necə geri qaldığını iddia etmək olar? Təcavüz qurbanı olan ölkənin üzərinə işğalçı ilə barəbər eyni məsuliyyətin qoyulması nə qədər məqsədəuyğundur? AZƏRTAC-ın xüsusi müxbiri Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzədən dövlət katibinin bəyanatına münasibət bildirməyi xahiş etmişdir. Onun sözlərinə görə, Kondoliza Raysın bəyanatını düzgün başa düşmək vacibdir. Dövlət katibi nəzərdə tuturdu ki, güzəştli həll yolu tapmaq olduqca çətindir. Bu istiqamətdə qərarlar qəbul etmək məsuliyyəti hər iki tərəfin üzərinə düşür. Xanım Raysın əsas prinsiplər üzrə razılığın əldə olunmaması ilə bağlı səbirsizliyini xatırladan Mətyu Brayzə demişdir: “Dövlət katibi onda haqlıdır ki, məsələni yekunlaşdırmaq vaxtı gəlibdir. Əlbəttə, biz bunun günü sabah baş verəcəyini gözləmirik. Qarşıda hələ çətin danışıqlar prosesi durur. Amma danışıqlar masası arxasına qayıtmaq vaxtı yetişibdir.”
Xatırladaq ki, aprelin 15-də Dövlət Departamenti internet səhifəsində Dağlıq Qarabağ münaqişəsinə dair məlumatını yeniləşdirmişdir. Münaqişənin qısa tarixçəsi və ABŞ-ın vasitəçi rolu haqda əvvəlki məlumata 2007-ci ilin noyabrında Madriddə Minsk qrupunun həmsədr ölkələrinin Ermənistanla Azərbaycana əsas prinsiplərin yeni variantının təqdim etməsi haqda xəbər əlavə olunmuşdur. Dövlət Departamenti bildirir ki, həmsədrlər 2008-ci ildə əsas prinsiplər üzrə danışıqların davam etdirilməsi və sənədə hər iki prezidentin mümkün qədər tez dəstəyini qazanmaq niyyətini bəyan etmişlər.
