İQTİSADİYYAT
ABŞ İKT sahəsində Azərbaycan ilə əməkdaşlığa maraq göstərir
Bakı, 16 avqust (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan-ABŞ Mədəniyyət və Təhsil Mübadiləsi Proqramı (AUCEEP) çərçivəsində ABŞ konqresmenlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə qonaqlara informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorundan əldə edilən nəticələr və gələcək perspektivlər barədə ətraflı məlumat verilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan hökumətinin siyasətinin əsas istiqamətlərindən birinin İKT sektorunda islahatların sürətləndirilməsindən ibarət olduğunu bildirmişdir.
Nazir qeyd etmişdir ki, əsas məqsəd İKT-nin ümumi daxili məhsulda payının yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir. Son illərdə İKT sahəsində artım tempinin ildən-ilə yüksəldiyini vurğulayan Ə.Abbasov demişdir ki, ölkədə genişzolaqlı internet istifadəçilərinin və mobil abunəçilərin sayı sürətlə artır.
Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “Avropa-Yaxın Şərq İnformasiya Magistralı” (EPEG - “Europe Persia Express Gateway”) layihələri, eləcə də, Azərbaycanın ilk telekommunikasiya peyki barədə danışan Əli Abbasov bu layihələrə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu bildirmişdir.
Sonda nazir qonaqları maraqlandıran sualları cavablandırmışdır.