SİYASƏT
ABŞ-ın Corctaun Universitetində “Xəzər dənizi regionunda birbaşa kapital yatırımları” mövzusunda mühazirə oxunmuşdur
Vaşinqton, 15 noyabr (AZƏRTAC). ABŞ-ın Corctaun Universitetində bu ali təhsil müəssisəsinin professoru və beynəlxalq münasibətlər üzrə ekspert Brenda Şefferin sədrliyi ilə “Xəzər dənizi regionunda birbaşa kapital yatırımları” mövzusunda mühazirə oxunmuşdur. Tələbələrin Xəzər regionu, o cümlədən Azərbaycan üzrə araşdırmalarda ixtisaslaşdığı universitet kursunda “Conoco Phillips” şirkətinin hökumətlə əlaqələr şöbəsinin meneceri Key Larkom, bp şirkətinin Beynəlxalq münasibətlər şöbəsinin direktoru Qreq Sanders çıxış edərək, Xəzər regionunda enerji layihələrindən söz açmışlar. Q.Sanders xarici sərmayədarlar üçün şərtlərin sadələşdirilməsində Azərbaycan hökumətinin etibarını və rolunu xüsusi qeyd etmişdir.
Sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) ABŞ-dakı nümayəndəliyinin direktoru Rauf Məmmədov çıxış edərək, gələcək diplomatlara Azərbaycan hökumətinin enerji siyasətindən, beynəlxalq şirkətə çevrilən, Gürcüstan, Türkiyə və Yunanıstanda iri sərmayədar olan ARDNŞ-in layihə və planlarından söz açmışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton