DÜNYA
ABŞ Prezidenti qaradərili qadını Ali Məhkəməyə hakim təyin edəcək
Vaşinqton, 28 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden liberal hakim Stiven Breyer pensiyaya çıxandan sonra tarixdə ilk dəfə qaradərili qadını ABŞ Ali Məhkəməsinə ömürlük hakim təyin edəcəyini bildirib. Beləliklə o, seçkiqabağı vədini yerinə yetirmiş olacaq.
AZƏRTAC xəbər verir ki, Bayden həmin çıxışında 28 il hakim vəzifəsində çalışmış Breyerə çoxillik xidmətinə görə təşəkkür edib.
Bayden deyib ki, yeni hakim seçimi hələ başa çatmayıb. O, öz namizədini fevralın sonuna qədər elan edəcəyini bildirib və əlavə edib ki, Konqresin liderləri ilə işləyəcək. Hazırda partiya xətləri üzrə parçalanmış Konqresdə həlledici səs hüququ vitse-prezident Kamala Harrisə məxsusdur.
Hakim təyin edilməsi Amerika Prezidentinin ən mühüm, bəzən də mübahisəli fəaliyyət növlərindən biridir. Nüfuzlu və hörmətli doqquz üzvdən ibarət olan Ali Məhkəmə Administrasiyanın, Konqresin və ştatların hərəkətlərinin Konstitusiyaya uyğun olub-olmaması məsələsində son söz hüququna malikdir.
Konqresə seçkilər noyabr ayında keçiriləcək. Bununla əlaqədar, Bayden Ali Məhkəmənin hakimi vəzifəsinə öz varisini təyin etmək üçün vaxt çatışmazlığı ilə üzləşə bilər. Əgər respublikaçılar Senatda öz yerlərini qaytara bilsələr, Prezidentin təklif etdiyi namizədin təsdiqlənməsinə nail olmaq çox çətin olacaq. Bu, Baydenin hakim təyin etməsi üçün ilk fürsətdir. Sabiq prezident Barak Obama vəzifədə olduğu iki müddət ərzində iki liberal hakim təyin edib. O, vəzifədən gedərkən daha bir hakim yeri vakansiya kimi qalmışdı, çünki respublikaçılar Obamanın üçüncü dəfə seçilməsinə imkan vermədilər. Respublikaçı Donald Tramp hakimiyyətdə olduğu dövrdə üç mühafizəkar hakim təyin edib.
Bayden Breyer barədə çıxışında deyib: “Hamı bilir ki, Stiven Breyer nümunəvi, qarşı tərəfə münasibətdə ədalətli hakim olub. O, həmkarları ilə nəzakətli, mühakimələrində ehtiyatlıdır. Reproduktiv hüquqlardan başlamış səhiyyəyə qədər ən müxtəlif mövzular barədə əlamətdar fikirlər söyləyib”.
AZƏRTAC-ın Vaşinqton bürosu