İDMAN
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Xırdalan, 17 iyul (AZƏRTAC). Xırdalan şəhəri ərazisində inşa olunan Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, iki il əvvəl təməli qoyulmuş bina 5 hissədən ibarətdir. Kompleksdə idmansevərlər üçün bütün şərait yaradılacaq. Burada 1000 tamaşaçı yerlik universal idman zalı, ağır atletika zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri, məşqçi otaqları, idman avadanlığı, trenajor zalı (fitness klub), sauna, masaj otaqları, şahmat klubu, həkim otağı, mehmanxana, kafe, restoran və s. olacaq.
Olimpiya kompleksində 2 min tamaşaçı yerlik futbol stadionu, mini futbol, basketbol, voleybol meydançası, tennis kortu, skeyt parkı, yerüstü avtomobil dayanacağı və texniki infrastruktur nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən Abşeron Olimpiya İdman Kompleksi 2015-ci ildə istifadəyə veriləcək.