Abşeron rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Xırdalan, 20 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunub. Cari ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox olmaqla 414 hektar sahədə tərəvəz əkilib.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Abşeron Rayon İcra Hakimiyyətinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilib.
Bildirilib ki, rayonun qəsəbə və kəndlərindəki təsərrüfatlarda qaramalın sayı 21 min 397, davarın sayı 107 min 547, quşların sayı isə 876 min 793 başa çatıb. Hesabat dövründə 953 ton ət, 6996 ton süd istehsal olunub, yumurta istehsalı isə 36 milyon ədədə çatıb.
Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndiriməsi ilə bağlı işlər davam etdirilir. Belə ki, Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında 4 min hektara yaxın sahədə aqroparkın yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Artıq 60 hektar sahədə badam ağacları əkilib, damcı suvarması şəbəkəsi quraşdırılıb, 30 ədəd müxtəlif təyinatlı texnika alınıb.