REGİONLAR
Abşeronun iki komandası zona mərhələsində “Xəmsə” milli intellektual oyununun qalibi olub
Xırdalan, 2 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində "Xəmsə" milli intellektual oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan çempionatının Abşeron zona mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bilik yarışında Sumqayıt şəhərindən 4, Abşeron və Xızı rayonlarının hərəsindən isə 2 komanda iştirak edib. Ümumilikdə, "Xəmsə" milli intellektual oyununun bu mərhələsində 79 nəfər 8 komanda ilə təmsil olunub.
Gərgin mübarizə şəraitində keçən bilik yarışının nəticələrinə görə Abşeron rayonunu təmsil edən “Pentaqon” komandası I, “Qəzəlxan” komandası isə III yeri tutaraq finala vəsiqə qazanıb.
Yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək məqsədilə keçirilən ümumrespublika yarışının zona üzrə qalibləri Bakıda keçiriləcək final yarışlarda iştirak edəcək.