ADPU-nun Tələbə Gənclər Təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) səkkizinci hesabat konfransı keçirilib. Konfransda Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, TGT-nin sədri Taleh Budaqov təşkilatın 2017-2018-ci illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. T.Budaqov rəhbərlik etdiyi təşkilatın gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr, ictimai-mədəni tədbirlər, humanitar aksiyalar, qazandığı uğurlar barədə ətraflı məlumat verib.
Rektor Cəfər Cəfərov bildirib ki, son illər ölkə rəhbərliyi cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, pedaqoji kadr hazırlığının gücləndirilməsi üçün mühüm tədbirlər həyata keçirir. ADPU 17 mindən cox tələbəsi, beş filialı və universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biridir. Prezident İlham Əliyevin qarşıya qoyduğu yeni vəzifələri uğurla həyata keçirmək üçün ölkəmizin intellektual potensialı gücləndirilməlidir. Müasir dövrdə keyfiyyətli təhsil almaq olduqca vacibdir. Tələbələr bilik və bacarıqlara dərindən yiyələnməli, əsl vətəndaş kimi formalaşmalıdırlar. TGT qarşımıza qoyduğumuz böyük hədəflərə çatmaq üçün bizimlə birgə əzmlə çalışmalıdır.
Konfransda çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, ATGTİ-nin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Cavid Hüseynov TGT-nin fəaliyyətini yüksək qiymətləndiriblər və təşkilata uğurlar arzulayıblar.
Konfransda təhsildə fərqlənən və universitetin ictimai-mədəni həyatında fəal iştirak edən tələbələr, həmçinin TGT-nin fəaliyyətinə dəstək verən fakültə dekanları mükafatlandırılıblar.
Sonra TGT-nin sədri, sədr müavinləri, departament və klub rəhbərləri seçilib. Taleh Budaqov yenidən TGT-nin sədri seçilib.