ELM VƏ TƏHSİL
ADU-nun bir qrup müəllim və tələbəsi Norveçin Oslo Universitetində Yay Məktəbində iştirak edir
Bakı, 24 iyul (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) müxtəlif kafedralarını təmsil edən altı müəllimi, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan altı tələbəsi Norveçin Oslo Universitetində Yay Məktəbində iştirak edir.
ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, departamentin rəhbəri və təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova Oslo Universitetində Azərbaycan mətbuatı ilə bağlı təqdimatla çıxış edib. O, milli mətbuatımızın tarixi və inkişaf mərhələlərindən danışıb.
Ümummilli lider Heydər Əliyevin mətbuata və onun inkişafına daim xüsusi önəm verdiyini vurğulayan Z. Kazımova Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Avqustun 1-də başa çatacaq Yay Məktəbində 86 ölkədən, o cümlədən Norveç, Azərbaycan, İspaniya, Pakistan, ABŞ, Rusiya, Ukrayna, Qırğızıstandan olan nümayəndələr iştirak edirlər.