ELM VƏ TƏHSİL
ADU-NUN PROFESSOR-MÜƏLLİM HEYƏTİ MÜHARİBƏ VETERANINI TƏBRİK ETMİŞDİR
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) professor-müəllim heyəti 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə ADU-nun professoru, II Dünya müharibəsinin veteranı Həsən Baxşıyevin evində olmuşdur.
Görüş ADU-nun rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov və universitet həmkarlar ittifaqı komitəsi tərəfindən birdəfəlik pul yardımı və Qələbənin 65 illiyi münasibətilə veteranı təbrik etmək məqsədi daşımışdır.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev H.Baxşıyevi bütün universitet adından təbrik etmiş və onun ADU-nun professoru olaraq uzun illər həyatını bu ali təhsil ocağına həsr etməsindən hər zaman qürur duyduqlarını bildirmişdir.
ADU-nun həmkarlar ittifaqı komitəsinin sədri Misgər Məmmədov müharibə veteranına uzun ömür, cansağlığı arzulamışdır.
Sonda professor Məhəmməd Teymurlu gənclərimizin hər zaman H.Baxşıyevin şücaət və qəhrəmanlıqlarına ehtiyacı olduğunu, ondan öyrənməli bir çox cəhətlərin olduğunu söyləmişdir.