DÜNYA
Afrika İttifaqının sammitində pandemiyanın qitə ölkələrində ağır fəsadları müzakirə olunur
![Afrika İttifaqının sammitində pandemiyanın qitə ölkələrində ağır fəsadları müzakirə olunur](/files/2022/1/1200x630/16440567913626019434_1200x630.jpg)
Qahirə, 5 fevral, AZƏRTAC
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən ikigünlük Afrika İttifaqı sammitində qitənin dövlət və hökumət başçıları COVID-19 pandemiyasının ağır sosial-iqtisadi fəsadlarını müzakirə edirlər.
AZƏRTAC xəbər verir ki, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisedekinin sədrlik etdiyi sammitin ilk iclasında çıxış edən Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Maxamat pandemiya və silahlı münaqişələr nəticəsində qitə ölkələrində yaranmış vəziyyətin narahatlıq doğurduğunu, bir neçə ölkədə baş vermiş dövlət çevrilişləri və qiyamların vəziyyəti daha da ağırlaşdırdığını bildirib.
Afrika İttifaqı sammitinin əsas mövzusu “Afrika qitəsində qida təminatının dayanıqlığı və sosial-iqtisadi inkişaf”ıdır. Mövzu ətrafında müzakirələr aparılır. Çıxışlarda qeyd olunub ki, “World Vision” humanitar təşkilatı Afrika ölkələrində 300 milyon insanın aclıqdan və ya ərzaq qıtlığından əziyyət çəkdiyini bildirib.
Sammitdə, həmçinin təhlükəsizlik və terrorizmlə mübarizə, ordunun iştirakı ilə baş verən dövlət çevrilişləri məsələləri müzakirə olunur.
Afrika İttifaqı 55 ölkəni birləşdirir. 2002-ci ildə təsis olunmuş bu qurumun mənzil-qərargahı Əddis-Əbəbədə yerləşir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə