AĞABƏY (HACIAĞA) HAŞIM OĞLU SULTANOV
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın baş psixiatrı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ağabəy (Hacıağa) Haşım oğlu Sultanov 2007-ci il iyunun 12-də ömrünün 72-ci ilində vəfat etmişdir.Ağabəy Sultanov 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1960-cı ildə ali təhsilini başa vuran Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlamışdır. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən isə kafedranın müdiri olmuşdur. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibb kadrlarının yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanmışdır.
Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri olmuşdur.
Ağabəy Sultanov dünyanın bir çox ölkəsində müxtəlif beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, psixiatriyanın aktual problemlərinə həsr olunmuş çıxışları ilə tibb elminin inkişafına layiqli töhfələr vermişdir.
O, Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda psixiatriya üzrə koordinatoru, Azərbaycan Tibb Universitetinin xüsusi elmi şurasının, psixiatriya və nevrologiya problemləri üzrə komissiyasının sədri kimi də tibb elminin inkişaf etdirilməsində qüvvə və bacarığını əsirgəməmişdir.
Ağabəy Sultanov respublikamızın ictimai həyatında fəal iştirak etmiş, əhali arasında tibbi biliklərin yayılmasında və onun maarifləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərmişdir. Keçid dövrünə xas çətinliklərin insanlara mənəvi-psixoloji təsiri daim alimin diqqət mərkəzində olmuşdur. Həqiqi ziyalı məfkurəsinin daşıyıcısı olan Ağabəy Sultanovun mətbuatda və müxtəlif telekanallarda Azərbaycan xalqının mədəni irsinə, tanınmış şəxsiyyətlərin həyat yoluna və cəmiyyəti narahat edən məsələlərə dair çıxışları böyük rəğbətlə qarşılanmışdır.
Ağabəy Sultanovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış alim, əsl ziyalı və qayğıkeş insan Ağabəy Sultanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə
Oqtay Əsədov, Ramiz Mehdiyev
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov
Mahmud Kərimov, Fatma Abdullazadə
Oqtay Şirəliyev, Anar Rzayev
Fərhad Xəlilov, Əhliman Əmiraslanov
Mirməmməd Cavadzadə, Ədilə Namazova
Böyükkişi Ağayev