CƏMİYYƏT
AĞCABƏDİ VƏ FÜZULİ RAYONLARINDA TƏHLÜKƏSİZ UŞAQ MEYDANÇALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
Ağcabədi, 15 may (AZƏRTAC). Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) ilə Almaniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşlığı çərçivəsində cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun Salmanbəyli və Füzuli rayonunun Kərimbəyli kəndlərində yeni tikilmiş təhlükəsiz oyun meydançaları istifadəyə verilmişdir.
Açılış mərasimlərində AQAC-ın minalara qarşı mübarizə proqramının əlaqələndiricisi Bayram Vəliyev, Ağcabədi və Füzuli rayon icra hakimiyyətlərinin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən rayonlarında vaxtilə döyüş meydanı olmuş ərazilərdə uşaqları mina və müharibənin partlayıcı qalıqları ilə rastlaşma riskindən qorumaq məqsədi daşıyan “Təhlükəsiz oyun meydançaları” layihəsi AQAC tərəfindən 2005-ci ildən həyata keçirilir.
2005-2009-cu illərdə AQAC ilə Norveç Qızıl Xaç Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, “HOMS” təşkilatı və Trans Global Projekts LTD-nin əməkdaşlığı çərçivəsində Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının 47 kəndində təhlükəsiz oyun meydançaları quraşdırılaraq uşaqların istifadəsinə verilmişdir.