REGİONLAR
Ağcabədidə FARMS Əməkdaşlıq Layihəsinin “Fəlakət risklərinin azaldılması” müdaxiləsi üzrə fəaliyyətin yekununa həsr olunmuş tədbir keçirilmişdir
![Ağcabədidə FARMS Əməkdaşlıq Layihəsinin “Fəlakət risklərinin azaldılması” müdaxiləsi üzrə fəaliyyətin yekununa həsr olunmuş tədbir keçirilmişdir](/files/2013/3/1200x630/14071451135372057266_1200x630.jpg)
Ağcabədi, 6 noyabr (AZƏRTAC). İsveçrənin HEKS-EPER təşkilatının Azərbaycan nümayəndəliyi və Aqro İnformasiya Mərkəzi (AİM) İsveçrə İnkişaf və Əməkdaşlıq təşkilatının maliyyə dəstəyi ilə Ağcabədi və Beyləqan rayonları ərazisində FARMS (Heyvandarlıq məhsullarına və bazarlarına çıxışın yaxşılaşdırılması) layihəsini həyata keçirir. Layihənin məqsədi aztəminatlı heyvandarlıq məhsulları istehsalçılarının lazımi resurslara çıxışının asanlaşdırılmasıdır. Layihə heyvan sağlamlığı və yemlənməsi, süd dəyər zənciri və fəlakət risklərinin azaldılması üzrə fəaliyyətləri əhatə edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində layihənin “Fəlakət risklərinin azaldılması” müdaxiləsi üzrə yekun hesabat toplantısı keçirilmişdir. Tədbirdə Ağcabədi və Beyləqan rayon icra hakimiyyətlərinin nümayəndələri, layihə rəhbərləri, fəaliyyətin həyata keçirildiyi kəndlərin icma üzvləri və layihə icraçıları iştirak etmişlər.
Layihənin koordinatoru Xəyyam İsmayıl Ağcabədi və Beyləqan rayonlarının 30 hədəf kəndini əhatə edən layihə çərçivəsində həyata keçirilən fəaliyyət haqqında məlumat vermişdir. Bildirilmişdir ki, 2011-2013-cü illər ərzində 27 hədəf və 2 qeyri-hədəf kənddə 48 layihə həyata keçirilmişdir. Belə ki, layihənin əhatə etdiyi kəndlərdə 11 suvarma kanalı təmizlənmiş, drenlərin təmizlənməsi üzrə 10, şlüzlərin bərpası üzrə 5 kiçik layihə həyata keçirilmişdir. Həmçinin tarla kənarlarında meşə zolaqları salınmış, 5 körpü təmir edilmiş, 11 kənddə artezian quyularının ətrafı abadlaşdırılmışdır. Eləcə də 25 kənddə layihələrin təsirini ölçmək üçün gəlir-xərc analizləri aparılmış və nəticələr icmalara çatdırılmışdır. Layihədən ümumilikdə 36 min 834 nəfər kənd sakini bəhrələnmişdir.
Tədbirdə “Fəlakət risklərinin azaldılması” kitabının təqdimatı keçirilmişdir.
Sonda tədbir iştirakçıları Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində həyata keçirilmiş fəaliyyətlə tanış olmuşlar.