SİYASƏT
Ağstafada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Ağstafa, 11 dekabr (AZƏRTAC). Ağstafada ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda ümummilli liderin zəngin və mənalı ömür yolunu əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə məruzə ilə çıxış edən jurnalist Firdovsi Heydərli ulu öndərin Vətən və xalq qarşısında xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 9 il ötsə də xalqımız öz dahi liderini bir an belə unutmamışdır. Böyük rəhbərin ölkənin tərəqqisi, xalqın xoşbəxtliyi naminə gördüyü əvəzolunmaz işlər hər bir azərbaycanlı tərəfindən qürurla xatırlanır.
Konfransda çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətindəki xidmətlərindən danışmış, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi vurğulamışlar.
Sonda tədbir iştirakçılarına rayon məktəblilərinin Xalq Şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poeması əsasında hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.