CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edəcək
Bakı, 24 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən iyul ayında bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUDK) sədri Hicran Hüseynova iyulun 25-də saat 9:45-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti qəbul keçirəcək.
AQUDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Siyəzən, Xızı, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri iştirak edəcəklər.
Günün ikinci yarısında Hicran Hüseynova AQUDK-nın və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Siyəzən rayonunda qadınların fəallığının artırılması məqsədilə təşkil olunacaq görüşdə iştirak edəcək.