Akademik Murtuza Nağıyev kimyada resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır
Bakı, 7 may, G.Mahmudlu, AZƏRTAC
Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dünya şöhrətli alim, Əməkdar Elm Xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev görkəmli alimin həyat və fəaliyyətindən, kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, M.Nağıyevin elmi fəaliyyətinin əsas istiqamətini neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetikası və termodinamikası təşkil edib. Akademik M.Nağıyev dünyada kimya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qəbul olunmuş resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır. Bu nəzəriyyə kimya-texnologiya proseslərinin, eləcə də Kimya Texnologiyaları Kombinatlarının (KTK) fəaliyyətinin ən səmərəli üsulla intensivləşdirilməsinə imkan yaradıb. Resirkulyasiya nəzəriyyəsindən istifadə edilmədən KTK-ları, hətta ayrıca reaktorları belə layihələndirmək qeyri-mümkündür. M.Nağıyevin qlobal optimallaşdırma anlayışı mürəkkəb KTK-nın optimallaşdırılmasına sistemli yanaşma olmaqla kimyəvi proseslərin modelləşdirilməsinə təkan verib. Onun bu sahədə prioritetliyi bütün dünyada qəbul olunub. Kimyəvi reaktorların potensial imkanlarının təyini, realizə olunan təcrübi proseslərin optimallaşdırılması, resirkulyasiya sistemləri üçün katalizatorun seçilməsi və tədqiqi, maksimum səmərəliliklə işləyən kimya komplekslərinin işlənib hazırlanması kimi nəzəri məsələlər akademik tərəfindən həll olunub. Onun əsasını qoyduğu superoptimallıq prinsipi kimyəvi proseslərin tədqiqinə kimyanın klassik ənənələrindən fərqli yeni yanaşma olmaqla kimyəvi reaktorların yüksək məhsuldarlıqla işləməsinə və tullantıların azalmasına imkan yaradır.
Bildirilib ki, akademik M.Nağıyev 12 müəlliflik şəhadətnaməsinin sahibi, 300 elmi əsərin, 30 fundamental monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə üç elmlər doktoru və 30 fəlsəfə doktoru yetişib. Alim bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı olub, “Əməkdar Elm Xadimi” və “Sosialist Əməyi Qəhrəmanı” adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib.
M.Nağıyev 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə kimya elmləri doktoru elmi dərəcəsi, 1945-ci ildə professor elmi adını alıb. 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü seçilib. 1956-1957-ci illərdə Azərbaycan EA-nın Fizika-Texnika Bölməsinin akademik-katibi, 1957-1959-cu illərdə birinci vitse-prezidenti, 1959-1962-ci illərdə Kimya Elmləri Bölməsinin akademik-katibi, 1962-1967-ci illərdə isə Azərbaycan EA-nın akademik-katibi olub.
Akademik D.Tağıyev sentyabrda görkəmli alimin yubileyi ilə əlaqədar beynəlxalq konfransın keçiriləcəyini də diqqətə çatdırıb. Konfrans çərçivəsində gənclər arasında “Nağıyev qiraətləri” adlı müsabiqə də təşkil ediləcək. Ən yaxşı elmi məruzənin müəllifi “Murtuza Nağıyev Mükafatı” ilə təltif olunacaq.
Daha sonra görkəmli alimin oğlu, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev, tələbəsi professor Nemət Əlizadə və digər çıxış edənlər akademik M.Nağıyevlə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan elminə verdiyi töhfələrdən və yüksək insani keyfiyyətlərindən danışıblar.