AKTYORUN 60 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əməkdar artist Əli Nurzadənin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Teatrın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov yubilyarın həyat və yaradıcılığından danışmışdır. O bildirmişdir ki, çılğın, sərt, xarakterik obrazların mahir ifaçısı olan aktyor ömrünü səhnəyə bağlamış, teatrın inkişafı yolunda əlindən gələni əsirgəməmişdir.
Dövlətin teatr sənətinə, sənətkara göstərdiyi diqqət və qayğıdan danışan natiq, aktyorun ümummili liderimiz Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncam əsasında əməkdar artist fəxri adına layiq görüldüyünü xatırlatmışdır.
Əli Qayıb oğlu Nurzadə 1948-ci ildə Ağsu rayonunun Bicov kəndində anadan olmuş, ilk təhsilini də burada almışdır. Uşaqlıqda iqtisadçı olmaq istəyən Əli Nurzadə elə bu istəklə də Bakıya gəlmiş, Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Lakin onun sənətə, teatra vurğunluğu həyat yolunu dəyişmiş, üçüncü kursda köçürmə yolu ilə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə ali məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Teatrına göndərilən aktyor burada maraqlı obrazlarla yadda qalmışdır. 1986-cı ildən taleyini Dövlət Akademik Milli Dram Teatrı ilə bağlayan sənətkar bu səhnədə yaratdığı Nizami Gəncəvi (“Atabəylər”), Qazan xan (“Torpağa sancılan qılınc”), Nəsimi (“Fəryad”), Mirzə Fətəli (“Mənsiz dünya”), Mirzə Məhəmməd (“Anamın kitabı”), Babək (“Dar ağacı”), Qara Xaqan (“Özümüzü kəsən qılınc”) və sair obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır.
Bədii qiraət ustası kimi diqqət çəkən aktyor televiziya tamaşalarında da öz istedadını sınamışdır. O, “Mənsur və Sitarə” (Mənsur), “Xatirələrdən gəlmiş qonaq” (Mənsur), “Ürək yaman şeydir” (Əjdər) kimi teletamaşalarda oynamışdır.
Sonda quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov olan “Özümüzü kəsən qılınc” tamaşası nümayiş edilmişdir. Əli Nurzadənin Qara Xaqan obrazını yaratdığı tamaşa maraqla qarşılanmışdır.