Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var
Bakı, 4 iyun, AZƏRTAC
Estoniya Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün geniş potensial görür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Estoniya İKT Assosiasiyasının icraçı direktoru Doris Pold IV Milli Kibertəhlükəsizlik Forumunda keçirilən “Regional Təcrübə və Əməkdaşlıq” panelində səsləndirib.
Doris Pold bildirib ki, Estoniyada rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik bir-birindən ayrılmaz sahələr kimi qiymətləndirilir və bütün rəqəmsal həllər “təhlükəsizlik dizayndan başlayır” prinsipi əsasında qurulur.
“Estoniya 2007-ci ildə genişmiqyaslı kiberhücumlarla qarşılaşdıqdan sonra kibertəhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu gün ölkədə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər və güclü dövlət-özəl sektor əməkdaşlığı formalaşıb. Estoniya şirkətləri beynəlxalq kibertəhlükəsizlik layihələrində fəal iştirak edir və Azərbaycanla da bu istiqamətdə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir. Bakıda kibertəhlükəsizlik tədbirlərinin keçirilməsi və ötən il həyata keçirilən birgə təşəbbüslər, xüsusilə “Femmes Digitales” ilə əməkdaşlıq, növbəti birgə işlər üçün yaxşı təməl yaradıb. Təhlükəsizlik əməliyyat mərkəzləri, kibertəhlükəsizlik bacarıqlarının inkişafı və beynəlxalq layihələr üzrə birgə fəaliyyət üçün imkanlar mövcuddur”, – deyə o vurğulayıb.
Doris Poldun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində uğur yalnız dövlətlərin deyil, özəl sektorun, akademik dairələrin və beynəlxalq tərəfdaşların birgə fəaliyyəti ilə mümkündür: “Bu baxımdan Azərbaycanla təcrübə mübadiləsi və yeni tərəfdaşlıqlar hər iki tərəf üçün faydalı ola bilər”.