ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRİN BOŞ QALAN YERLƏRİNƏ ƏLAVƏ YERLƏŞDİRMƏ VƏ ORTA İXTİSAS TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ ƏRİZƏ QƏBULU DAVAM EDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Qəbul Qaydalarının 9-cu bəndinə əsasən, avqustun 8-dən 12-dək dövlət və qeyri-dövlət ali məktəblərinin boş yerlərinə müsabiqə əsasında əlavə yerləşdirmə və orta ixtisas təhsil müəssisələrinə birinci mərhələ üçün ərizə qəbulu aparır. Ərizə qəbulu müvafiq qruplar üzrə apellyasiya komissiyalarının yerləşdiyi bu ünvanlarda keçirilir: Azərbaycan bölməsində I qrup - Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü korpusunda; II qrup - Nərimanov rayonundakı 258 nömrəli məktəbdə; III qrup - Odlar Yurdu Universitetində; IV qrup -Azərbaycan Tibb Universitetində; V qrup - Bakı Ali Pedaqoji Qızlar Seminariyasında; rus bölməsində bütün qruplar-TQDK-nın binasında.
Ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmə üzrə müsabiqəyə ümumi balı 150-dən çox olan qruplar (altqruplar) üzrə əsas fəndən topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Əlavə yerləşdirmə qaydaları və boş yerlər haqqında məlumat “Abituriyent” jurnalının 6-cı nömrəsində, ali məktəblərə qəbul imtahanlarında toplanılan ballar əsasında texnikumlara tələbə qəbulu elanı isə jurnalın 7-ci nömrəsində dərc olunmuşdur. Jurnalları apellyasiya aparılan məntəqələrdən və TQDK-nın binasından almaq olar.