ELM VƏ TƏHSİL
Alman Akademik Mübadilə Xidmətinin nümayəndəsi AzTU-da olmuşdur
Bakı, 4 oktyabr (AZƏRTAC). Oktyabrın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru Nikola Ulliş ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
AzTU-nun prorektoru İsa Xəlilov universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermiş, DAAD ilə əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
N.Ulliş çalışdığı təşkilatın gördüyü işlərdən söz açaraq bildirmişdir ki, DAAD xaricdə alman universitetlərini təmsil edir və 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Təşkilatın müxtəlif ölkələrdə 14 nümayəndəliyi vardır. Bununla yanaşı, 50-yə yaxın IC-Lektoratlıq və ümumilikdə 400-dən artıq lektorun dünya üzrə sıx əməkdaşlıq şəbəkəsi təşkil olunmuşdur.
Azərbaycanda yerli lektoratlıq kimi 1997-ci ildə fəaliyyətə başlayan təşkilatın nümayəndəliyi 2004-cü ildən Bakı Məlumat Mərkəzinə çevrilmişdir. N.Ulliş demişdir ki, təşkilat gənc aspirantlar və elmi işçilər üçün, eləcə də elmi dərəcəli ali məktəb müəllimləri üçün tədqiqat təqaüdləri təklif edir. İndiyədək Azərbaycanda təşkilatın maliyyələşdirdiyi proqramlardan 70 nəfər yararlanmışdır. Bununla yanaşı, Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti hesabına 50 nəfər bu proqramlarda iştirak etmişdir.
Mərkəzin direktoru vurğulamışdır ki, DAAD əsasən tibb, təbiət, eləcə də son iki ildə iqtisadiyyat elmləri istiqamətində aparılan tədqiqatlara üstünlük verir. Almaniyalı qonaq AzTU ilə alman universitetləri arasında qarşılıqlı əlaqələrin yaradılmasının vacibliyini diqqətə çatdırmışdır. O, DAAD-ın bir sıra yeni proqramlar çərçivəsində Azərbaycan universitetləri, xüsusən də AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
DAAD-ın yeni proqramları təklif olunmuşdur. Təşkilat tərəfindən doktorluq işinin müdafiəsi üçün qısamüddətli təqaüd (1-3 ay), bakalavr və magistrlər üçün 3 aylıq yekun təqaüd proqramlarının həyata keçirildiyi bildirilmiş, gələn il Almaniyada təhsil almaq istəyənlərə oktyabrın sonunadək sənədlərini təqdim etmələri tövsiyə olunmuşdur.
AzTU-nun prorektoru təklif edilən yeni təqaüd proqramları çərçivəsində DAAD ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır.