SİYASƏT
Alman alimi televiziya müsahibəsində Ermənistanı işğalçı adlandırmışdır
Berlin, 26 may (AZƏRTAC). Son dövrlər, Azərbaycanda Avropa mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Almaniya televiziya kanallarında Azərbaycan ilə bağlı verilişlər efirə gedir. Bu verilişlərin bir hissəsi ölkəmizə qarşı müsbət münasibəti ilə seçilir və Almaniya ictimaiyyətində ölkəmiz haqqında müsbət təəssüratın yaranmasına xidmət edir.
Belə ki, “TV Berlin” televiziya kanalında “Standort Berlin” verilişi efirə getmişdir. Verilişdə sözügedən telekanalın aparıcısı Peter Brinkmann Almaniyanın tanınmış elm xadimi, şərqşünas professor Udo Ştaynbaxdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə götürmüşdür. Müsahibədə alman alimi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu birmənalı şəkildə vurğulamış, bu ərazinin və 7 ətraf rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirmişdir. O, beynəlxalq hüququn bu məsələdə Azərbaycanın tərəfində olduğunu və bunu təsdiq edən çoxsaylı beynəlxalq sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, ATƏT-in müvafiq qətnamələrinin mövcudluğunu dilə gətirmişdir. O, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını və işğal siyasətinin Ermənistanı iqtisadi və siyasi cəhətdən təcrid vəziyyətinə saldığını ifadə etmişdir. Münaqişənin həll olunması istiqamətində Avropa İttifaqının və Almaniyanın səylərini gücləndirməli olmasını qeyd edən professor Ştaynbax bunun münaqişənin siyasi yolla həllinə əhəmiyyətli dərəcədə kömək göstərəcəyini bildirmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin