SİYASƏT
Almaniya deputatı Maykl Qlos: Beynəlxalq hüquqa zidd olan Ramil Səfərovun ekstradisiyası deyil, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir
Bakı, 13 sentyabr (AZƏRTAC). Almaniyanın sabiq iqtisadiyyat naziri, Bundestaqın xarici işlər komitəsinin üzvü, Xristian Sosial İttifaqından olan deputat Maykl Qlos Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökumətinin aqressiv mövqeyinə münasibət bildirmişdir.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Maykl Qlos qeyd etmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun işğalının 20-ci ildönümündə Ermənistan hökumətinin və dünyadakı erməni diasporunun Almaniyanın dostu olan Macarıstana qarşı kütləvi çıxışları narahatedici amildir. Ermənistan tərəfinin Ramil Səfərovun ekstradisiyası ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini alovlandıra biləcəyi iddiaları tamamilə əsassız və həqiqətən qəbuledilməzdir.
Deputat vurğulamışdır ki, Ermənistan irəli baxmaq, münaqişənin həllinin yeni proseslərinə təşəbbüs göstərmək, işğal altında olan Dağlıq Qarabağdan və ətraf yeddi rayondan çıxarmaq və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarına imkan yaratmaq əvəzinə həssas olan danışıqlar prosesini təhlükə altına salır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Həm Almaniyanın, həm də Avropa İttifaqının mövqeyi belədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Odur ki, beynəlxalq hüquqa zidd olan Ramil Səfərovun ekstradisiyası deyil, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin hərbi yolla işğalıdır. Bu fikir 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənmişdir.