Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb
Quba, 21 may, AZƏRTAC
Azərbaycan ilə Özbəkistanın iqtisadi əlaqələrinin prioritet istiqamətlərindən olan investisiya əməkdaşlığında ötən ilin əvvəlində yaradılan, nizamnamə fondu 500 milyon ABŞ dolları təşkil edən Azərbaycan-Özbəkistan investisiya şirkətinin rolunu qeyd etmək istəyirəm. Onun fəaliyyətinin müəyyən olunan istiqamətləri gələcək iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək etməklə, qarşılıqlı investisiyanın, ticarətin və bütövlükdə iqtisadi tərəfdaşlığın stimullaşdırılması üçün nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Özbəkistanla Azərbaycanın tərəfdaşlıq əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə əhəmiyyətli irəliləyiş müşahidə olunur. Bu istiqamətdə İmişli rayonunda birgə pambıq klasterinin yaradılması üzrə iş aparılır: “Bütövlükdə, bizim tərəfimizdən kənd təsərrüfatı, turizm, kiçik və orta müəssisələr və nəqliyyat kimi müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb. Bu sahələrdə həyata keçirilən layihələr iqtisadi inkişafın stimullaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəldilib”.