Almaniya poçtu məlumatları satmaqda ittiham olunur
Berlin, 2 aprel, AZƏRTAC
“Deutsche Post” öz müştəriləri barədə məlumatı seçkiqabağı mübarizədə istifadə olunması üçün Almaniya partiyalarına satıb. AZƏRTAC “Bild am Sonntag” qəzetinin yazdığına istinadla xəbər verir ki, Almaniyanın poçt xidməti məlumatları 2005-ci ildən satır. Hətta bundestaqa seçkilərin keçirildiyi 2017-ci il də istisna təşkil etməyib.
Qəzetin yazdığına görə, Xristian Demokrat İttifaqı (XDİ) və Azad Demokrat Partiyası (ADP) aldıqları informasiyaya görə beşrəqəmli məbləğ ödəyiblər. Söhbət müştərinin alıcılıq qabiliyyəti, onun bank əməliyyatları, yaşı və cinsi, təhsili, ailə statusu, mənzil şəraiti və hansı avtomobilə sahib olması barədə məlumatlardan gedib. Partiyalar bu informasiyadan konkret rayonlarda səsini qazanmaq istədikləri auditoriyanı guya daha yaxından tanımaq üçün istifadə edirmişlər. Qəzet yazır ki, bununla belə, fərdi məlumatlar açıqlanmayıb.
XDİ və ADP “Deutsche Post” ilə əməkdaşlıq faktını artıq təsdiq ediblər.
“Deutsche Post” müştərilər barədə məlumatın satılması barədə ittihamları dünən təkzib edib. Poçtun nümayəndəsi deyib: “Şirkət fərdi məlumatları qoruyub saxlayır və bu məlumatlardan yalnız qanuna ciddi müvafiq olaraq istifadə edir”. O, həmçinin qeyd edib ki, poçtun fəaliyyətinə məlumatların qorunması üzrə federal müvəkkil nəzarət edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin