MƏDƏNİYYƏT
ALMANİYADA ƏNƏNƏVİ “MAYNTS FESTİVALI” KEÇİRİLİR
Berlin, 21 fevral (AZƏRTAC). Fevalın 20-də Almaniyanın Maynts şəhərində illik ənənəvi festival açılmışdır.
Müxtəlif xalqların, milli azlıqların öz mədəniyyətini nümayiş etdirdiyi festivalda həm də dünya əhəmiyyətli siyasi hadisələr və problemlər özfəaliyyət səhnəcikləri vasitəsilə təqdim olunur ki, bu da tədbir iştirakçılarının dünyada sülhə tərəfdar olması, müharibə və gərginliklərə qarşı çıxması mənasını verir. Bu tədbirlər müxtəlif mədəniyyətlərin nümayişi ilə yanaşı, fəxri qonaqların - dövlət adamlarının, tanınmış ictimai-siyasi xadimlərin, məşhur incəsənət və mədəniyyət nümayəndələrinin qeyri-rəsmi ünsiyyət məkanı kimi məşhurdur.
Maynts-Azərbaycan Cəmiyyətinin rəhbəri Başar Kömürün dediyinə görə, keçiriləcək tədbirlərdə cəmiyyətin üzvləri də fəal iştirak edəcək, Azərbaycanın milli geyimlərində ölkəmizə aid tanıtma guşəsi sərgiləyəcəklər. Qeyd edək ki, Maynts şəhər rəhbərliyi Azərbaycan diasporuna xüsusi qayğı göstərir. Maynts bələdiyyəsinin sədrinin Azərbaycana münasibəti də yüksək səviyyədədir.
Xatırladaq ki, 2007-ci ilin may ayında Maynts-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə şəhər bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Qonaqlar dövlət qurumunda görüşlər keçirmiş, Azərbaycanın bir sıra rayonlarında məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə maraqlanmışlar. Azərbaycan Prezidenti Ilham Əliyev nümayəndə heyətini qəbul etmişdir. Səfərin nəticəsi olaraq Yens Boytel 147 min nəfər Almaniya vətəndaşına “Azərbaycan haradadır” sərlövhəli açıq məktubla müraciət edərək, Azərbaycan haqqında bütün təəssüratlarını əks etdirmiş, Ermənistanın təcavüzkar siyasəti barədə məlumat vermişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin