DÜNYA
Almaniyada qaçqınların qəbulu ilə bağlı vəziyyət şəhərlərin imkanlarını son həddə yaxınlaşdırır
Berlin, 25 iyul, AZƏRTAC
Almaniyada qaçqınların qəbulu ilə bağlı gərginliyin artması müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu baxımdan paytaxt Berlində və onun yaxınlığındakı federal əyalətlərdə qaçqınların qəbulu və yerləşdirilməsi mərkəzlərində daha ciddi gərginlik yaranıb. Ölkənin qərbindəki federal əyalətlərdə vəziyyət nisbətən yüngüldür, çünki sığınacaq istəyənlərin çoxu sadəcə həmin əyalətlərə gedib çıxa bilmir.
Ölkəyə gələn qaçqınların yerləşdirilməsində çətinlik yaranıb. Lakin hökumət hələlik onların qəbulundan imtina etməyib.
Ukraynada münaqişə başlayandan bəri bu ölkədən Almaniyaya təqribən 900 min qaçqın gəlib. Həmin qaçqınların yerləşdirilməsi Almaniyaya şəhərləri üçün asan məsələ olmasa da, hələlik böhranlı vəziyyət yaranmayıb. Bununla belə, yaşayış yerlərinə ehtiyac artacaq. Qaçqınların yerləşdirilməsinə sakinlərin kömək etməyə hazır olması da zəifləyir. Yazda şəxsi evlərdə qəbul edilmiş bəzi qaçqınlar indi bu evləri tərk etməli və bələdiyyə müəssisələrində sığınacaq almalıdır. Bu fakt da qaçqınların qəbulu və yerləşdirilməsi üzrə təşkilatların işlərini mürəkkəbləşdirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel