ALMANİYADA XƏZƏR HÖVZƏSİNİN ENERJİ EHTİYATLARINA HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, iyunun 11-dən 13-dək Frayberq Dağ-Mədən Universitetində “Dağ-mədən Sənayesi Günü”nün təsis edilməsinin 59-cu ildönümü münasibətilə silsilə konfranslar keçirilmişdir.
Həmin konfranslardan biri “Almaniya və Avropanın enerji təminatı Xəzər hövzəsi və Rusiyanın timsalında” devizi altında təşkil olunmuşdur. Konfransda Almaniya, Azərbaycan, İsveçrə, Rusiya və Qazaxıstan nümayəndələri müxtəlif mövzularda müzakirələr aparmışlar.
Universitetin rektoru Rudolf Kavalla Almaniyanın və ümumilikdə Avropa İttifaqına daxil olan dövlətlərin enerji təminatı ilə bağlı geniş məlumat vermişdir. Berlin şəhərində yerləşən “Elm və Siyasət Fondu”nun Rusiya və MDB tədqiqat qrupunun rəhbəri Uve Halbax əsas məruzəçi qismində “Xəzər hövzəsinin kəşfi - avropalıların Mərkəzi Asiya və Qafqaza yaxınlaşması” mövzusunda çıxış etmiş və Xəzər hövzəsinin növbəti onilliklərdə Avropa üçün rolundan danışmışdır.
Şərqi və Mərkəzi Avropa bölməsinin icraçı direktoru Peter Danilov Almaniyanın Avropa İttifaqı və “Böyük səkkizlər”ə sədrliyi dövründə Xəzər bölgəsindən enerji idxalı ilə bağlı məsələdən danışarkən əsas diqqəti Almaniya Federal Xarici İşlər Nazirliyinin region ölkələri ilə əməkdaşlıq üçün göstərdiyi səylərə, “Mərkəzi Asiya strategiyası” və həmin strategiyanın həyata keçirilməsində Azərbaycanın tranzit ölkə kimi oynayacağı rola çəkmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Rizvan Nəbiyev “Xəzər bölgəsində tarixi neft-qaz hasilatı ənənəsi: Avropanın enerji təminatı Azərbaycanın timsalında” mövzusundakı geniş məruzəsində ölkəmizin enerji ehtiyatları, imzalanmış müqavilələrin təhlili və ixrac marşrutları barədə məlumat vermişdir.
Qazaxıstanlı alim Boris Şilyayev Çin, Rusiya və Qərb ölkələri arasında Qazaxıstan enejri ixracı siyasəti, Berlin Avropa Universitetinin professoru Bəhruz Abdulvand İranın enerji ehtiyatları, xüsusilə qaz ehtiyaları ilə bağlı, eləcə də bu enerji ehtiyatlarının Avropa bazarına çıxarılması imkanları haqqında məruzələri dinlənilmişdir. B.Abdulvand fikri ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqoların bu ölkənin enerji ixracatına vurduğu ciddi zərbələrin nəticələrinə yönəltmişdir.
“Nord Stream” səhmdar cəmiyyətinin icraçı direktorunun müavini Y.Kote yeni çəkiləcək “Şimal axını” qaz kəməri layihəsinin uğurla başa çatmasının Avropanın enerji təminatına yeni bir töhfə verəcəyini vurğulamışdır.
Xatırladaq ki, konfranslar seriyası Frayberq şəhərinin meri və Frayberq Dağ-Mədən Universitetinin rektorluğunun təşəbbüsü ilə keçirilir. 1765-ci ildə əsası qoyulan, dünyanın ən qədim dağ-mədən universitetində aparılan elmi tədqiqatlar və nailiyyətlərə görə bu ali təhsil ocağı “Ginnesin rekordlar kitabı”na daxil edilmişdir.