CƏMİYYƏT
AMADA-nın direktoru yenidən Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib
Bakı, 11 may, AZƏRTAC
Strasburq şəhərində Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi komitəsinin 57-ci iclası keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildiriblər ki, iclasda iştirak edən agentliyin direktoru, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli hesabat xarakterli məruzə ilə çıxış edib. Şəfəq Hüseynli, həmçinin rəhbərlik etdiyi Avropa Şurasının antidopinq sahəsində gender bərabərliyi üzrə xüsusi komitəsinin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, komitənin tərkibi artıq formalaşıb və keçirilən ilk iclasda komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Xüsusi komitə Ş.Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədilə yaradılıb.
Məruzə dinlənildikdən sonra isə növbəti dövr üçün Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisinin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. Bu zaman yenidən Şəfəq Hüseynlinin namizədliyi irəli sürülüb və növbəti iki il müddətinə Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.
Qeyd olunub ki, Şəfəq Hüseynli ilk dəfə 2019-cu ildə Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib. Avropa Şurasının hökumətlərarası orqanları və digər strukturları çərçivəsində təyin olunan gender bərabərliyi üzrə məruzəçilər tərkibində olduqları müvafiq orqan və ya strukturun işinə, siyasətinə, proqram və fəaliyyətlərinə gender bərabərliyi konsepsiyasının daxil edilməsi yollarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər.