ANAMA indiyədək 2442 partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də saat 13:57-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən, saat 14:18-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Şıxarx qəsəbəsində bir mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri tərəfindən ərazidə bir evə və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir hərbi təyinatı olmayan metal əşya aşkarlanıb. Həmin əşya götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış metal əşyanın ətrafında 100 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Yanvarın 1-dən aprelin 11-dək ANAMA tərəfindən 2442 partlamamış hərbi sursat, tank əleyhinə üç mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 58 min 615 kvadratmetr ərazi yoxlanılıb.