Rəhman Mustafayev: Azərbaycan real addımlarla regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir
Moskva, 5 iyun, AZƏRTAC
Azərbaycan qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsini xarici siyasətinin əsas prioriteti, regional təhlükəsizlik və inkişaf üçün vacib şərt hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində keçirilən “3+3” platforması: Ümumi çağırışlar və strateji tərəfdaşlıq” adlı sessiyada çıxışında bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “3+3” platforması Bakının qonşu ölkələrlə əməkdaşlığın inkişafına fundamental yanaşmasını əks etdirir.
Rəhman Mustafayev vurğulayıb: “Qonşularımız ilə münasibətlərə üstünlük vermək bizim fundamental prinsipimizdir; bu, təhlükəsizliyimizin və inkişafımızın ilk xarici konturudur”.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın potensialına inanır və əmindir ki, region ölkələri ən yaxın qonşuları - Rusiya, Türkiyə və İranla birlikdə bu regionu təhlükəsiz və çiçəklənən məkana çevirə bilər.
Səfir qeyd edib ki, bu, Azərbaycan üçün təkcə siyasi prinsip deyil, həm də konkret addımlar deməkdir.
O, Azərbaycanın Türkiyə, Gürcüstan, İran və Rusiya Federasiyasının regionları ilə əməkdaşlığını xatırladaraq deyib: “Azərbaycan özünün real addımları və investisiyaları ilə qarşılıqlı əlaqəyə və əməkdaşlığa sadiqliyini nümayiş etdirir”.
Rəhman Mustafayev bildirib ki, SPIEF-də Dağıstan nümayəndələri ilə danışıqlar aparılıb və onların yekununa dair yeni investisiya müqavilələri imzalanıb.
Ermənistanla münasibətlərə toxunan səfir bu sahəni Azərbaycanın hazırkı siyasətindəki fundamental məsələlərdən biri adlandırıb. “Ümid edirik ki, Ermənistanın yeni hökuməti ilə normallaşma prosesini nəhayət başa çatdıra və sülh müqaviləsi imzalaya biləcəyik”, - deyə diplomat qeyd edib.
O, tərəflər arasında artıq əhəmiyyətli işlərin görüldüyünü, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası prosesini, eləcə də vətəndaş cəmiyyətləri arasında dialoqun inkişaf etdirildiyini vurğulayıb.
“3+3” platformasının perspektivlərindən danışan R. Mustafayev bildirib ki, Cənubi Qafqaz böyük potensiala malikdir və dünyanın digər bölgələri ilə qarşılıqlı əlaqəyə açıq olmalıdır.
“Biz Cənubi Qafqazın regional və qlobal məsələlərdə daha fəal rol oynamasını və təsirini dəstəkləyirik. Təbii ki, bu qarşılıqlı əlaqənin əsasını ən yaxın qonşularımız - Gürcüstan və Ermənistan təşkil edir. Biz bu üç dövlətin daha fəal rol oynamasını istərdik”, - deyə səfir qeyd edib.
O, həmçinin bu yanaşmanın tarixi əsasını qeyd edib. Diplomatın sözlərinə görə, fəal əməkdaşlıq XX əsrin əvvəllərində - 1917-1920-ci illər arasında Azərbaycan, Gürcüstan və Ermənistanın ilk respublikaları dövründə müzakirə olunurdu. Rəhman Mustafayev bildirib: “Həmin vaxt konsepsiya fərqli idi, amma ideya ondan ibarət olub ki, daha sıx birgə səylər vasitəsilə ortaq problemləri birlikdə həll edə bilərik”.