Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur
Bakı, 5 iyun, AZƏRTAC
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş səlahiyyətli struktur bölmə (şəxs) attestasiyanın keçirilməsində birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə intizam tədbirlərinin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.
Eyni zamanda, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarda bəzi uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda təsdiqlənib.