MƏDƏNİYYƏT
“Anamın nəğməsi” adlı xalçanın təqdimatı olacaq
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın tanınmış rəssamı İqor Burqanovun müəllifi olduğu “Anamın nəğməsi” adlı xalçanın təqdimat mərasimi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, təqdimatı keçiriləcək “Anamın nəğməsi” adlı xalça “Azərbaycan Xalçaçıları” İctimai Birliyi tərəfindən 2014-cü ildə toxunub.
Rusiya Federasiyasının Əməkdar Rəssamı, sənətşünaslıq namizədi, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanov bir neçə ildir ki, Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq edir. Bunun səbəbi ilk növbədə Azərbaycan xalça sənətinin onun diqqətini cəlb etməsi və yaradıcılığına yeni nəfəs gətirməsidir. 2012-ci il mayın 12-dən 30-dək İqor Burqanovun muzeydə 10-dan artıq xalçasından ibarət sərgisi təşkil edilib, bu sərgi ilə əlaqədar müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Azərbaycanda 2010-cu ildən yaradılan “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin əsas məqsədi xalça ənənələrini qorumaq, gənc nəslin bu sənətlə maraqlanması, yiyələnməsi, həmçinin beynəlxalq sərgilər, ustad dərsləri, sənətkarların görüşlərini keçirməkdir.
Bu il İctimai Birliyin nümayəndələri Astana şəhərində “Astana ətrafında minillik” xalq sənətkarlığına həsr edilmiş Beynəlxalq festivalda diplomla təltif olunub və Moldovada Azərbaycan xalça sənətini yüksək səviyyədə nümayiş etdiriblər.
Sevindirici haldır ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmış Azərbaycan xalçası İqor Burqanovun dəyərli irsini də özündə yaşadacaqdır.
Bildirilib ki, İ.Burqanov muzeyə özünün gümüşdən hazırladığı zərgərlik nümunəsini hədiyyə edəcək. Hədiyyənin üzəri brilyant, zümrüd, sapfir və yaqut kimi qiymətli daş-qaşlarla bəzədilib. Belə sənət nümunəsi qədim ənənələrdən qaynaqlanan inancları özündə əks etdirərək kosmik, mistik qüvvəyə malik olub, qadınları mənfi enerjidən qoruyardı.
Bu bəzək əşyası hər bir qadın üçün bir obrazdır.
Tədbir çərçivəsində müəllif incəsənət və yaradıcılığa əsaslanan art-terapiya adlı psixoloji müalicə metodunu da dinləyicilərə təqdim edəcək.