İDMAN
A.Panova-P.Uatson cütlüyü komanda yarışında “Baku Cup 2014” turnirinin çempionu olub
Bakı, 27 iyul (AZƏRTAC, Elvin Mövsümov). İyulun 27-də “Baku Cup 2014” turnirinin komanda yarışında çempionu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, final matçında rusiyalı Aleksandra Panova ilə böyük britaniyalı Piter Uatsonun komandası Şayar Peyer (İsrail) - Raluka Olaru (Rumıniya) cütlüyü ilə qarşılaşıb.
Milli Məclisin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov oyuna baxıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən matçın ilk setini A.Panova və P.Uatson qazanıblar - 6:1. İkinci setdə isə Ş.Peyer və R.Olaru ciddi müqavimət göstəriblər. Onlar setin sonlarına yaxın hesabda 5:4 önə keçsələr də yenidən təşəbbüsü ələ alan A.Panova və P.Uatson ardıcıl xallar qazanaraq seti tay-breykə daşıyıblar. Tay-brekdə daha üstün olan A.Panova və P.Uatson seti 7:6, matçı 2:0 qalib başa vuraraq turnirin çempionu olublar.
A.Panova və P.Uatson bu çempionluq sayəsində dünya reytinqində 280 xal və 12,3 min ABŞ dolları qazanıblar. Finalda məğlub olan Ş.Peyer və R.Olaru isə 180 reytinq xalı ilə yanaşı, 6400 ABŞ dolları əldə ediblər.
Mükafatları finalçılara turnirin direktoru Leyla Mesxi və Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev təqdim edib.