Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nəsimi rayon təşkilatı Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyinin Nəsimi rayon təşkilatının sədri Azər Quliyev şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyib. O qeyd edib ki, Aprel döyüşləri zamanı siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs öz vətəndaşlıq mövqeyini göstərdi. Aprel döyüşləri Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoydu. Biz onlarda Vətən sevgisinin, mübarizə əzminin, sağlam düşüncənin şahidi olduq.
Aprel döyüşlərinin iştirakçısı olmuş kapitan Ramal İbrahimov qeyd edib ki, bu döyüşlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. O, təkcə düşmənin deyil, bütün dünyanın bu 4 günlük müharibədə ordumuzun gücünü gördüyünü vurğulayıb. Bildirib ki, ordumuz tərəfindən düşməndən azad edilən Lələtəpə və digər yüksəkliklər döyüş üstünlüyümüzü artırıb.
Daha sonra çıxış edən iki şəhid anası Lətifə Novruzova və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildiriblər ki, Ermənilər əsrlərboyu Azərbaycan xalqının başına bəlalar gətiriblər. Yüz il bundan əvvəl martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımı 1992-ci ildə Xocalıda təkrarlandı. Aprel döyüşləri işğalçı Ermənistan ordusuna zərbə vurdu. Düşmən bu zərbəni heç zaman unutmayacaq.
Sonda bir qrup Qarabağ müharibəsi əlilinə və veteranına “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyin medalları təqdim olunub, Aprel döyüşlərinə dair videoçarxlar nümayiş etdirilib.