TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
Ankara, 6 iyun, AZƏRTAC
Avropa dəyərlərinin təməlini sarsıdan ksenofobiya, islamofobiya və irqçiliyin təzahürlərinə baxmayaraq, Avropa İttifaqı (Aİ) genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır. Brüsselin bu məsələdə nəzərdən keçirməli olduğu ilk ünvan Ankara olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Finlandiya və İsveçə səfərlərinin yekunları ilə bağlı jurnalistlərlə açıqlaması zamanı bildirib.
N.Kurtulmuş qeyd edib ki, müasir dünya birqütblü və ikiqütblü dünya quruluşları konsepsiyalarının artıq aktual olmadığı bir dövrə qədəm qoyur.
“Heç bir ölkə, qitə və ya bölgə dünya proseslərini təkbaşına idarə edə bilməz. Bu, aşkar reallıqdır. Mövcud münaqişələrin və qarşıdurmanın əsas səbəblərindən biri çoxqütblü, daha doğrusu “çox mərkəzli dünyaya” doğru hərəkətdir, burada Qərbdə “orta güc” olaraq müəyyən olunan ölkələr ön plana çıxır. Şübhəsiz ki, Türkiyə də bunlardan biridir. Ölkəmizin geostrateji əhəmiyyətini, üstünlüklərini və potensialını nəzərə alaraq, Ankara bir çox aktor üçün arzu olunan müttəfiqə çevrilir”,- deyə TBMM-in spikeri bildirib.
Aİ-dəki vəziyyətlə bağlı danışan N.Kurtulmuş qeyd edib ki, müasir Avropada “liderlik” problemi mövcuddur, nüfuzlu və güclü siyasətçilər dövrü isə, xüsusən Angela Merkelin gedişindən sonra başa çatdı: “Avropada yeni nüfuzlu adlar yoxdur, bu da Avropa arenasının təbiəti ilə bağlıdır. Aİ bir çox sahələrdə, o cümlədən iqtisadi baxımdan inteqrasiyanı müəyyən dərəcədə təmin edə bilib. Ancaq 20 il əvvəl Avropa İttifaqında vahid Silahlı Qüvvələr haqqında razılığa gələ bilsəydilər, bu gün tamamilə fərqli, daha güclü bir Avropa kimliyindən danışardıq və bu kimlik təbii olaraq bütün Avropaya rəhbərlik edə biləcək siyasi xadimləri meydana gətirərdi”.
N.Kurtulmuş qeyd edib ki, müasir Aİ faktiki olaraq çağırışlara və problemlərə vahid reaksiya hazırlamaq iqtidarında deyil.