Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun İsgəndərli qəsəbəsində Taleh Seyran oğlu Rəsulova məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Füzuli İbrahim oğlu Paşayevə məxsus toyuq kəsimi sahəsində yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.
Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırmalar davam etdirilir.