Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO
Ağdərə, 21 sentyabr, AZƏRTAC
Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksində qədim alban duaları yenidən səslənib. Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri monastır kompleksinə gələrək tarixin yaddaşını təzələyib, ermənilərin saxtalaşdırdığı Alban irsinin əsl sahiblərinin kim olduğunu bir daha göstəriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarət zamanı icma üzvləri kompleksə daxil olan kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili jurnalistlərə açıqlamasında Gəncəsər Monastır Kompleksinə səfərin onlar üçün əlamətdar olduğunu deyib: “Mənim üçün çox xoşdur ki, bu gün biz Alban-Udi icması olaraq müqəddəs bir kilsəyə - Gəncəsər Monastır Kompleksinə ziyarətə gəldik, dualar oxuduq, şəhidləri yad etdik. Bu gün Məryəm Ananın mövlud gündür, eyni zamanda, dünən bizim suverenlik günü idi. Bu gün həm də dünyada Sülh günüdür”.
Gəncəsərin Alban kilsəsinin mirvarisi olduğunu bildirən Robert Mobili bu tarixi məkanın Azərbaycan ərazisindəki qədim xristian irsi baxımından əhəmiyyətindən də danışıb: “Azərbaycan ərazisində olan qədim xristian irsi birmənalı olaraq Alban kilsəsinin irsidir. Bu irs birbaşa müstəqil, apostol, Alban avtokefal kilsənin irsidir. Bu çox zəngin irsdir. Bu kilsələrin erməni kilsəsinə heç bir bağlantısı yoxdur. Bunlar Alban kilsələridir. Qafqaz Albaniyası çarı Urnayr 313-cü ildə xristianlığı dövlət dini qəbul etdikdən sonra kilsələr tikməyə başlanılıb. Təkcə Qarabağda yox, bütün Kiçik Qafqazın ətəyində, Böyük Qafqazın Cənub yamacında, Şimalda Dərbəndə kimi kilsələr tikildi. Bu kilsələrin çoxu bu gün də qalır. IV, V, VI əsrlərə aid olan kilsələrdir. Bu kilsələrin erməni kilsəsi ilə heç bir bağlılığı yoxdur. Sonralar Çar Rusiyası Alban kilsəsini erməni kilsəsinin tabeçiliyinə keçirdi. 1836-cı il martın 11-də verilən əsasnamə ilə Alban kilsəsinə son verildi. Burada olan Alban kilsəsinin mərkəzi iqamətgahı Gəncəsərdə idi. Bütün kitabələri məhv etdilər və nəhayət xristian irsi erməniləşdirildi”.
Robert Mobili Qarabağın işğaldan azad olunmasının Alban-Udi icması üçün yaratdığı imkanlardan danışaraq deyib: “Nəhayət, həqiqət bərpa olundu. Qarabağ işğaldan azad edildi. Kilsələr əsirlikdə idi, onlar da əsirlikdən azad oldu. Azərbaycan xalqının tolerantlığı, Azərbaycanda olan mühit bizə güc verir ki, gəlib kilsələri ziyarət edək. Bu, bizim doğma irsimizdir”.
İcma nümayəndəsi Sergey Annari isə Gəncəsər Monastır Kompleksinə səfərin onların çoxdan gözlədikləri bir ziyarət olduğunu söyləyib: “Bu bizim Gəncəsər monastırına ilk səfərimizdir. Biz bu günü çoxdan gözləyirdik. Gəncəsər monastırı Qafqaz Albaniyasının qədim kilsələrindən biridir. Bu kilsə ərazidəki apostol kilsələrinin anası hesab olunur. Buna görə də biz şadıq ki, babalarımızdan qalan bu monastırı bu gün gəlib ziyarət edə bildik. Dua elədik, şamlar yandırdıq”.
Qeyd edək ki, Gəncəsər monastırı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
Kompleks baş kilsə, narteks, qala-mühafizə divarları, rahib hücrələri, yaşayış və təsərrüfat tikililərindən ibarətdir. Baş kilsə xaçvari-günbəzli kompozisiyaya malikdir və zəngin oyma ornamentlər, barelyeflər və epiqrafik yazılarla bəzədilib.
1993-2023-cü illərdə abidə işğal altında qaldığı dövrdə kompleksdə müxtəlif qanunsuz bərpa və yenidənqurma işləri aparılıb. Əldə edilmiş materiallara əsasən, abidənin tarixi mühitinə və memarlıq xüsusiyyətlərinə ciddi müdaxilələr edilib, o cümlədən 286 qəbrin yeri dəyişdirilib, mühafizə divarları müasir daş plitələrlə üzlənib, narteks və məbəddə qapı-pəncərə elementləri yenilənib, döşəmə, altar və bir sıra dekorativ hissələrə müdaxilə edilib. Kompleksin ətrafında yeni inzibati və seminariya təyinatlı tikililərin inşası nəticəsində abidənin tarixi mühiti əhəmiyyətli dərəcədə dəyişdirilib.
12:58
Azərbaycan Alban-Udi dini icmasının nümayəndələri Ağdərə rayonundakı Gəncəsər Monastır Kompleksini ziyarətə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icma nümayəndələri hazırda məbəd kompleksində dini ayinlər icra edir, dualar oxuyurlar.
Müxbir – Tahir Ağaməmmədov