İDMAN
Aqil Acalov: Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmləndirilməsi bu sahədəki uğurların əsasını təşkil edir
![Aqil Acalov: Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmləndirilməsi bu sahədəki uğurların əsasını təşkil edir](/files/2022/1/1200x630/16496653091472113273_1200x630.jpg)
Bakı, 11 aprel, AZƏRTAC
Ölkə başçısı İlham Əliyev növbəti dəfə idmana və idmançılara qayğı və diqqətinin göstəricisi olaraq güləşçilərimizlə şəxsən görüşüb, onların fəaliyyət və uğurlarını təqdir edib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov deyib.
Görüş zamanı idmançılarımızın nailiyyətlərinə tam bələd şəkildə onların uğurlarından qürur hissi ilə danışan və onların gələcək qələbələrinə böyük inam bəslədiyini bildirən ölkə başçısı müzəffər xalq olaraq bundan sonra da qalibiyyətlərimizin davamlı olmasının vacibliyini vurğulayıb.
“Bir neçə gün əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük qələbəyə imza atıb, 16 medalla Vətənə qayıdıblar. Bununla komandalarımız həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə Avropa birincisi olublar. İdmana və idmançılara dəstəyin artırılması istiqamətində dövlət siyasətinin yaratdığı imkanlar, mütərəqqi ideyaların daha təkmil şəkildə reallaşmasına şərait yaradan şərtlərin olması bu sahədə inkişafın təmin olunmasında çox vacibdir. İdman sahəsinə fəaliyyətinin ilk dövründən xüsusi qayğı göstərən, lazımi maddi-texniki bazanın yaradılmasına dəstək olan Prezident İlham Əliyev təlim-məşq toplanışlarında ən yeni metodların tətbiq olunmasında, idmançıların fiziki və psixoloji hazırlığının ən yüksək şəkildə təmin edilməsində maraqlı olub və bu sahəyə həmişə diqqət göstərib”, - deyə A.Acalov əlavə edib.
A.Acalov deyib: “Ölkə başçısı zamanında çox doğru vurğulayıb ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”. Bu gün sağlam bədəndə sağlam ruh daşıyan gənclərimiz vətənpərvər ruhu ilə öz ölkəsinin, dövlətinin adını uca tutmaq, Azərbaycan bayrağını ucaltmaq üçün var gücü ilə çalışır, səy göstərir. Bir dövlətin siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə inkişafının bir-biri ilə sıx vəhdət təşkil etməsi, ümumilikdə həmin ölkənin tərəqqisində və beynəlxalq imicinin formalaşmasında həlledici rol oynayır. Qazanılan medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmləndirilməsi bu sahədəki uğurların əsasını təşkil edir. Azərbaycanın beynəlxalq yarışlarda idmanın müxtəlif növlərində ön mövqelərə çıxması, paytaxt Bakının mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir”.