İQTİSADİYYAT
Aqrar-sənaye sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı fəallaşacaq
Bakı, 22 fevral, AZƏRTAC
Aqrar-sənaye sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı fəallaşacaq.
AZƏRTAC “PressORQ” saytına istinadla xəbər verir ki, Ukraynanın Avropaya inteqrasiya məsələləri nazirinin müavini Vladislava Rutitskaya bununla əlaqədar deyib: “Biz kənd təsərrüfatı sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının fəallaşdırılması məsələlərinə dair ekspertlər səviyyəsində məsləhətləşmələrə başlayırıq”.
Yeyinti sənayesinin bütün sahələrində, o cümlədən qənnadı məmulatı, spirt, yağ, süd, ət, tütün və başqa məmulatların istehsalı sahələrində əməkdaşlıq məsələləri Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivli istiqamətləridir.
Bundan əlavə, süd və ət emalı ilə məşğul olan Ukrayna müəssisələri yerli məhsulların Azərbaycan bazarına çatdırılması üzrə əməkdaşlığı genişləndirməyə maraq göstərir.
Azərbaycan tərəfi isə Ukrayna və Azərbaycanın aqrar-sənaye kompleksi məhsullarının qarşılıqlı satışı üzrə müştərək logistik mərkəz yaradılmasını təklif edir. Nəzərdə tutulur ki, Ukrayna şirkətləri Azərbaycandan Ukraynaya meyvə göndərilməsi, bu məhsulların saxlanılması və onların bütün Ukraynada və ya müəyyən regionda distribusiyası funksiyalarını təmin edəcəklər.