Aqrar Universitetin mühəndislik korpusu üçün yeni bina tikiləcək
Gəncə, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC
Bu il Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mühəndislik fakültəsi üçün yeni korpusun tikintisinə başlanılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov şəhər ictimaiyyəti qarşısında ali təhsil müəssisəsində cari ildə həyata keçiriləcək işlər barədə danışarkən məlumat verib.
Bildirilib ki, özünün ildən-ilə yenilənən təhsil infrastrukturu ilə respublikamızın ən böyük ali təhsil müəssisələrindən olan ADAU-da bu il də infrastrukturun genişləndirilməsi və maddi texniki bazanın müasirləşdirilməsi prosesi davam etdiriləcək. Respublikamızda yüksək ixtisaslı aqrar mütəxəssislərin hazırlanmasında yeganə ali təhsil müəssisəsi olan Aqrar Universitetin mühəndislik korpusunun genişləndirilməsi layihəsi çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən universitetlər içərisində ən böyük tədris binası inşa olunacaq.
Məlumat verilib ki, yaxın günlərdə təməli qoyulacaq mühəndislik korpusu üçün ilkin olaraq 6,8 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən 5 milyon manatı korpusun tikintisinə, 1,6 milyon manatı binanın maddi-texniki bazasının yaradılmasına xərclənəcək. Ümumi məbləğin 200 min manatı isə universitetin əsas binasının təmir işlərinə sərf ediləcək.
Qeyd edək ki, XIX əsrin ikinci yarısında inşa edilmiş ADAU-nun əsas binası respublika əhəmiyyətli tarixi abidə hesab olunur. Bu tarixi binada 1918-ci il mayın 28-də istiqlaliyyətini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici və icraedici hakimiyyətinin nümayəndələri mürəkkəb hərbi-siyasi vəziyyətdə fəaliyyət göstəriblər.