Aqrar Universitetin tədris-təcrübə təsərrüfatının yenidənqurmadan sonra təqdimatı olub
Gəncə, 4 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 hektar ərazini əhatə edən tədris-təcübə təsərrüfatının əsaslı şəkildə yenidənqurmadan sonra təqdimatı olub. Mərasimdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirliyin əlaqədar qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təqdimatda iştirak edənlərə burada görülən işlərdən danışıb, yaradılan şərait barədə ətraflı məlumat verib.
Rektor bildirib ki, təsərrüfatda üzüm və meyvə bağı salınıb, müxtəlif bitki növləri əkilib. Açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar tikilib. Auditoriyalar lazımi inventarlarla tam təmin edilib. Ərazinin yolları abadlaşdırılıb və tədris-təcrübə təsərrüfatına xüsusi gözəllik verən meşə massivi ağac qırıntılarından və digər tullantılardan təmizlənib, növbəli otarma sistemi yaradılıb. Yaşıllaşdırma, asfaltsalma, rəngləmə və başqa işlər vaxtında, keyfiyyətlə icra edilib. Eyni zamanda, burada qoyunçuluq və maldarlıq kimi iki böyük ferma da tikilib.
Qeyd edilib ki, 1 hektarda ağıllı bağ salınacaq, 4 hektarda isə Türkiyədən gətirilən və tez məhsul verən meyvə tingləri əkiləcək. Təsərrüfatın su təminatına da xüsusi diqqət yetirilib, 110 tonluq ehtiyat su hovuzu inşa olunub. Eyni vaxtda 100 tələbə burada təcrübə keçə biləcək və tədqiqat işləri aparacaqlar.
Rektor onu da əlavə edib ki, yaxın gələcəkdə tarla laboratoriyalarının yaradılması da gündəmdədi. Həmçinin meşə massivi yeni nadir və milli tinglərlə zənginləşdiriləcək, təbii bitkilər artırılacaq.
Sonra görülən işlərlə tanışlıq olub.
Təqdimatda çıxış edən professor və müəllimlər burada lazımi şəraitin yaradıldığını deyib, təkliflərini səsləndiriblər.
Vurğulanıb ki, bütün bu işlər Prezident İlham Əliyevin aqrar təhsilə xüsusi qayğısının, tapşırıq və tövsiyələrinin icrasının nəticəsidir.