SİYASƏT
ARDNŞ-İN İDARƏ VƏ MÜƏSSİSƏLƏRİNDƏ 1941-1945-Cİ İLLƏR MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 65 İLLİYİ MÜNASİBƏTİLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Bakı, 4 may (AZƏRTAC). Bu günlər 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyi bütün mütərəqqi bəşəriyyət tərəfindən təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”a uyğun olaraq, ölkəmizin hər yerində Qələbə gününə hazırlıq görülür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, qurumun idarə və müəssisələrində bu məqsədlə rəngarəng tədbirlərin keçirilməsi planlaşdırılır. Şirkətin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət saraylarında və məktəbəqədər tərbiyə müəssisələrində də bu münasibətlə bir sıra mədəni-kütləvi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. “Mərdəkan” mədəniyyət sarayında “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”, Qurban Abbasov adına mədəniyyət sarayında “Qələbə, qələbə, ancaq qələbə” mövzusunda bədii-musiqili kompozisiyalar hazırlanmışdır. Əli Əmirov adına mədəniyyət sarayının bədii kollektivi Bakıda yerləşən N saylı hərbi hissədə “Qələbənin əsgərləri” konsert proqramı ilə çıxış edəcəkdir. Vaqif Mustafazadə adına mədəniyyət sarayında “O günlərin xatirəsi əbədidir”, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında isə “Biz sizdən öyrəndik qəhrəmanlığı” mövzusunda tədbirlərdə müharibə veteranlarının iştirakı nəzərdə tutulur. Tədbirlərdə II Dünya müharibəsinin veteranları keçdikləri şərəfli döyüş yolu ilə bağlı xatirələrini iştirakçılar ilə bölüşəcəklər. Adil İsgəndərov adına mədəniyyət sarayında bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim ediləcəkdir. Sosial İnkişaf İdarəsinin bağçalarında uşaqların Qələbənin 65 illiyi münasibətilə çəkdikləri rəsmlərdən, hazırladıqları əl işlərindən ibarət sərgilərin açılması, həmçinin digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.