İQTİSADİYYAT
“Arianespace”-in direktor köməkçisi: “Azərsat-1” orbitə Avropada ən müasir raket olan “Ariane-5” ilə qaldırılacaqdır
Bakı, 7 fevral (AZƏRTAC). Azərbaycanın ilk milli süni peyki - “Azersat-1” bu gecə orbitə göndəriləcəkdir. “Amerikan Orbital Sciences Corporation” tərəfindən istehsal edilən peyk “Arianespace” şirkəti vasitəsilə Fransız Qvianasında Kur kosmodromundan “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxarılacaqdır. Ölkəmizin ilk süni peyki Asiya və Afrikadakı geniş coğrafiyada TV, internet və radio yayım xidmətləri göstərəcəkdir. Mövzu ilə əlaqədar “Arianespace”-in direktor köməkçisi Florent d'Heilly Türkiyənin Cihan Xəbər Agentliyinə müsahibəsində peykin 2 ay ərzində fəaliyyətə başlayacağına ümid etdiyini bildirmişdir.
“Azersat” peyki ilə bağlı danışıqların 4 il öncə başladığını xatırladan F.Heilly bu istiqamətdə anlaşmanın 2 il yarım əvvəl Azərbaycanın dövlət şirkəti “Azercosmos” ilə əldə olunduğunu ifadə etmişdir. O, 2 ay əvvəl “Azersat-1”in istehsalının Amerika şirkəti tərəfindən tamamlandığını söyləyərək, 40 gün öncə təslim alınan peykin orbitə qaldırılacağı Fransız Qvianasında Kur kosmodromuna gətirildiyini qeyd etmişdir.
F.Heilly bildirmişdir ki, “Azersat-1” peykinin fəzaya göndərilməsi üçün lazımi işlər tamamlanmışdır. Azərbaycanın ilk milli peyki bu gecə “İspan Amazonas-3” peyki ilə birlikdə orbitə qaldırılacaqdır. Peykin orbitə yerləşmə əməliyyatı yarım saat davam edəcəkdir. Direktor köməkçisi peykin fəzaya qaldırılmasının Avropada ən müasir raket olan “Ariane-5” ilə reallaşdırılacağını söyləmişdir. O, peykin orbitə yerləşdirilməsindən sonra test müddətinin başlayacağını, “Azərsat-1”in iki ay ərzində tam istifadəyə veriləcəyini gözlədiklərini də ifadə etmişdir.
“Arianespace”in son 10 il ərzində 96 peyki kosmosa qaldırdığını xatırladan F.Heilly qeyd etmişdir ki, bu vaxtacan bütün peyklər orbitə uğurla qaldırılmışdır. Azərbaycanın ilk milli süni peykinin kosmosa göndərilməsi üçün “Arianespace”i seçməsinin də qürurverici hal olduğunu deyən direktor köməkçisi, 1980-ci ildə qurulan şirkətin orbitdə olan peyklərin yarısından çoxunun kosmosa daşınmasını reallaşdırdığını bildirmişdir.
Beləliklə, peyk orbitə qaldırıldıqdan sonra Azərbaycan fəzada öz peykinə sahib olan 11-ci ölkə olacaqdır.