MƏDƏNİYYƏT
“Arşın mal alan” operettası UNESCO-da böyük maraqla qarşılanmışdır
Paris, 18 sentyabr (AZƏRTAC). UNESCO-nun mənzil qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir.
Qonaqlar əvvəlcə TÜRKSOY-un 20 illiyinə və “Arşın mal alan” operettasına həsr olunmuş sərgiyə baxmışlar.
Sərgini açan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatda 14 türkdilli ölkənin birləşdiyini diqqətə çatdırmış, ölməz Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Şərqdə məşhur olduğunu və bir çox ölkələrdə nümayiş etdirildiyini bildirmişdir.
UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandarin TÜRKSOY-un türkdilli ölkələrin mədəniyyətini təbliğ etməklə yanaşı, millətlərin yaxınlaşmasına xidmət göstərdiyini, qarşılıqlı anlaşma və dialoqu təşviq etməsini yüksək qiymətləndirmişdir.
Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin “Arşın mal alan”ın dünya incəsənətinin nadir incilərindən olduğunu diqqətə çatdıran F.Bandarin bu operettanın 100 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsinin UNESCO tərəfindən dəstəkləndiyini bildirmişdir.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Arşın mal alan” operettasının 100 illiyi münasibətilə bayram tədbirlərinin təşkilinə görə UNESCO və TÜRKSOY-un rəhbərliyinə təşəkkürünü bildirmiş, TÜRKSOY təşkilatını 20 illiyi münasibətilə təbrik etmişdir.
S.Məmmədəliyeva “Arşın mal alan” operettasının müəllifinin yaradıcılığı, səhnə əsərinin tarixi və beynəlxalq səviyyədə tanındığı, həmçinin onun bir çox dillərə tərcümə olunduğu və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyi haqqında məlumat vermişdir. Bu operettanın zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirən nazir müavini onun 100 illiyinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi dəyərləndirmişdir.
Düsen Kaseinov əsası 1993-cü ildə qoyulan TÜRKSOY-un 20 illik fəaliyyətindən bəhs etmiş, türkdilli ölkələrin mədəniyyətinin təbliği sahəsində görülən işlərdən danışmışdır. TÜRKSOY tərəfindən beynəlxalq təşkilatlarda və müxtəlif ölkələrdə çoxsaylı tədbirlərin keçirildiyini vurğulayan baş katib bu tədbirlərin əhəmiyyətini qeyd etmiş, TÜRKSOY-un 20 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə şərait yaradan UNESCO rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Azərbaycanın Xalq Artisti, professor Ağaverdi Paşayevin dirijorluğu və Qazaxıstanın Karakanda Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gəlmiş aktyorlar “Arşın mal alan” operettası əsasında tamaşa göstərmişlər. Onların çıxışı böyük maraqla qarşılanmışdır.
Tədbirdə UNESCO rəsmiləri, bu qurumda akkreditə olunmuş daimi nümayəndəliklərin rəhbərləri, Fransada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları, fransız ictimaiyyətinin, Azərbaycan, Türkiyə və Qazaxıstan diasporlarının təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Qonaqlara “Arşın mal alan” operettasının yazıldığı disk və broşürlər paylanmışdır.
TÜRKSOY təşkilatının 20 illiyi, ölməz bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı və onun “Arşın mal alan” əsərinin 100 illiyi ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirin sonunda ziyafət verilmişdir.
Tamaşaçı Yael Angel operettanın tamaşasından aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşərək demişdir: “Mən özüm də musiqiçiyəm, cazda vokalçıyam. Bir sənət adamı kimi tamaşa-konserti çox bəyəndim. Mən hələ də sizin dahi bəstəkarın gözəl musiqisinin təsiri altındayam. Səhnə istər musiqi, istər mədəni, istərsə də texniki baxımdan yaxşı hazırlanmışdır. Mən orkestrin ifasına sözün əsl mənasında vuruldum. Orkestrdə istifadə olunan musiqi alətləri də məndə böyük maraq yaratdı. Təəssüflər olsun ki, Azərbaycan dilini bilmədiyimdən operettanın sözlərini başa düşmürdüm. Amma Əsgər və Gülçöhrə rollarını ifa edən aktyorların səsinə, ifa tərzinə söz ola bilməzdi. Onların səs tembri məni valeh etdi. Tamaşa məndə Azərbaycan mədəniyyətinin zənginliyi barədə müəyyən təsəvvür yaratdı. İlk dəfə idi ki belə maraqlı tamaşaya baxırdım”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris