REGİONLAR
Arxeoloji ekspedisiya Ordubadda Daş dövrünə məxsus əmək alətləri aşkar edib
![](/files/galleryphoto/2022/3/1200x630/16667034015215455812_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667034014153558133_1200x630.jpg)
Naxçıvan, 25 oktyabr, AZƏRTAC
Muxtar respublikanın Ordubad rayonunda aparılan arxeoloji qazıntılar Gilançayın sol sahilində II və III Plovdağ ərazisini əhatə edib. Burada Son tunc dövrü abidəsindən Daş dövrünə məxsus əmək alətləri də aşkar olunub. Həmin abidələrin daha qədim dövrlərə aid olduğu artıq təsdiq edilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə bölmənin 2022-ci ildə Ordubad rayonu ərazisində aparılan arxeoloji ekspedisiyanın nəticələri barədə hesabat iclasında səsləndirilib.
İclasda çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada illərdir davam edən yerli və beynəlxalq arxeoloji ekspedisiyalardan, əldə olunan mühüm elmi nəticələrdən söz açıb. Hər il olduğu kimi, cari ildə də arxeoloji qazıntıların uğurla davam etdirildiyinə diqqət çəkən akademik bildirib ki, 2022-ci ildə aparılan araşdırmalar xüsusilə əlamətdar olub. İsmayıl Hacıyev Sədərəkdə aşkar olunan qədim şəhərin qalıqlarının, Uçan Ağıl, Naxçıvantəpə yaşayış yerlərində tapıntıların elmə qazandırdığı mühüm nəticələrdən söz açıb. Vurğulayıb ki, arxeoloq-alim Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayonu ərazisindəki Xaraba Gilan, Plovdağ və digər qədim yaşayış yerlərində aparılan araşdırmalar Azərbaycan arxeologiya elminə yeni elmi töhfələr verib. II və III Plovdağ yaşayış yeri və nekropollarında gerçəkləşən arxeoloji ekspedisiya da bu qəbildəndir.
Akademik qeyd edib ki, aşkar olunan yeni materiallar növbəti illər üçün əhatəli araşdırmaların aparılmasına əsas verir. Bölgənin sahib olduğu qədim tarix, mühüm təbii-coğrafi şərait ən qədim dövrlərdən başlayaraq əcdadlarımızın burada məskunlaşmasına səbəb olub. Qədim insan məskənlərindən biri olması nəinki ölkə, eləcə də dünya alimlərinin Naxçıvan ərazisinə marağını artıran amillərdəndir. Çünki Naxçıvan tarixin bütün dövrləri üzrə arxeoloji abidələrin mövcud olduğu bir diyardır. Burada tarixi inkişaf mərhələsini xronoloji ardıcıllıqla izləmək mümkündür.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent Bəhlul İbrahimli cari ildə aparılan arxeoloji ekspedisiyanın yekunları ilə bağlı məruzə edib. Alim bildirib ki, III Plovdağ nekropolunda yerinə yetirilən qazıntılar zamanı kult təyinatlı tikilidə astral kultla bağlı 2 müxtəlif abidə aşkar olunaraq tədqiqata cəlb edilib. O, abidələrin strukturu, burada aşkarlanan kurqan tipli qəbirlər, dəfn adətlərinin icra xüsusiyyətinə əsasən əldə olunan nəticəni iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, qəbirlərdə bir neçə insan skeletinin olması burada çoxdəfnli adətin mövcudluğunu təsdiq edir. Alim qəbirlərdən tapılan saxsı qablar, bəzək əşyaları və muncuqların səciyyəvi xüsusiyyətləri barədə məlumat verib.
II Plovdağ yaşayış yerində ötən il aşkar olunan qurbangahda daha əhatəli tədqiqat aparıldığını deyən Bəhlul İbrahimli, axirətə inamla bağlı qədim insanların inanc sistemində kök salmış bəzi təsəvvürlər haqqında məlumat verib. Buradakı dəfn adətlərinin başqa bölgələrdə icra olunan adətlərlə oxşar və fərqli xüsusiyyətlərini qeyd edib. Vurğulanıb ki, Ordubad rayonu ərazisindəki arxeoloji abidələrin sayca çoxluğuna, tarix elmi üçün əhəmiyyətinə və ərazinin mövqeyinə əsasən demək olar ki, ərazi arxeopark yaratma imkanına malikdir.
İclasda Xaraba Gilan və Plovdağ arxeoloji abidələrinin arxeoloji turizm baxımından əhəmiyyəti müzakirə olunub.
Sonra Bəhlul İbrahimli araşdırmaların nəticələri ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.
İclasda çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli ekspedisiyanın səmərəli nəticələrindən söhbət açıb, hesabatın qəbul olunmasını təklif ediblər. Hesabat səsə qoyularaq qəbul olunub.